REGİONLAR
Xaçmazlı kolleksiyaçı qədim liman ərazisindən müxtəlif dövrlərə aid metal sikkələr toplayıb VİDEO
Xaçmaz, 27 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Əbilyatağı kənd sakini Cəmil Ələnurov 15 ildir ki, qədim pullardan ibarət kolleksiya toplayır.
AZƏRTAC xəbər verir ki, 48 yaşlı C.Ələnurovun kolleksiyasında 100-ə yaxın qədim metal sikkəsi, eləcə də müxtəlif dövlətlərə aid onlarla kağız əsginaz var. C.Ələnurov kolleksiyasında yaşı əsrlərlə olan qızıl, gümüş sikkələrlə yanaşı, müxtəlif qədim düymələr və ox ucluqları da toplayıb.
Maraqlısı odur ki, kolleksiyaçı bu sikkələrin əksəriyyətini Xəzər dənizi sahilindəki qumsallıqdan tapıb. İlk qədim metal pulu təsadüfən qədim Niyazabad limanının yerləşdiyi ərazidə aşkarlayan C.Ələnurov sonradan axtarışlarını daha da intensivləşdirib. Niyazabad limanı qədim karvan yollarının üzərində yerləşdiyindən bu ərazidə böyük ticarət mərkəzləri yerləşib. Məhz buna görə də güclü küləklərdən sonra buradakı qumsallıqda müxtəlif qədim əşyalar, o cümlədən sikkələr üzə çıxır.
Kolleksiyaçı tapdığı sikkələrin yarısını muzeyə təqdim edib. Metal sikkələr arasında hətta Şirvanşahlar dövrünə aid pul nümunələri də var. Bu pulların bəziləri İspaniya, Fransa, Rusiya və başqa dövlətlərə aiddir. Dəniz sahilində aşkarlanan ox ucluqlarının isə monqolların işğalından yadigar qaldığı ehtimal olunur. Bununla yanaşı, onun kolleksiyasında I Pyotrun dövründə gəmilərlə Azərbaycana gələn rus əsgərlərinin geyimlərinə aid düymələr də mövcuddur.
C.Ələnurov kolleksiyasını öz tapıntıları ilə yanaşı, digər həmkarlarından əldə etdiyi qədim əşyalarla da zənginləşdirir. Bu kolleksiyada Azərbaycan Xalq Cümhuriyyəti zamanında dövriyyəyə buraxılan kağız əsginazlara da rast gəlmək mümkündür.