REGİONLAR
Xaçmazlı şagirdlər xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsini daha dərindən öyrənir VİDEO
Xaçmaz, 20 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 3-dən başlayaraq Xaçmazdakı Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə açıq tarix dərsləri keçirilir. Ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün keçirilən dərslərdə tarix müəllimləri müəyyən olunmuş mövzular üzrə məruzə ilə çıxışlar edirlər.
AZƏRTAC xəbər verir ki, açıq dərslərin növbəti mərhələsində indiyədək rayonun 55 ümumtəhsil məktəbində təhsil alan 400 şagird iştirak edib.
Mərkəzdə noyabrın 20-də keçirilən dərslər “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusuna həsr olunub. Şagirdlərə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xalqımız qarşısındakı xidmətləri barədə zəngin məlumatlar verilib. Bununla yanaşı, şagirdlər ulu öndər Heydər Əliyevin Xaçmaz rayonuna səfərləri, burada sakinlər qarşısındakı çıxışları barədə də məlumatlar əldə ediblər.
Tədris prosesində şagirdlər, həmçinin Ümummilli Liderin həyat və fəaliyyətinə dair sənədli filmə, Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sənədlərə və fotolara baxıblar.