REGİONLAR
Xaçmazlı torpaq mülkiyyətçiləri fındıqdan yüksək gəlir əldə edirlər
Xaçmaz, 29 yanvar, Elxan Yusifli, AZƏRTAC
Ötən mövsümdə Xaçmaz rayonunda fındığın məhsuldarlığı aşağı olsa da, bu meyvənin satış qiyməti torpaq mülkiyyətçilərini razı salır.
AZƏRTAC xəbər verir ki, hazırda şimal bölgəsinin bazarlarında fındıq son illər ərzində ən yüksək qiymətə satılır. Ötən mövsümdə təsərrüfatçılar istehsal etdikləri fınqığı qəbul məntəqələrinə maksimum 3 manata sata bilirdilərsə, hazırda qiymət 4 manat 50 qəpiyədək artıb.
Torpaq mülkiyyətçiləri bildirirlər ki, bu mövsümdə quraqlıq səbəbindən fındığın məhsuldarlığının aşağı olması onları narahat edirdi. Amma məhsulun yüksək qiymətə satılması aşağı məhsuldarlıq səbəbindən yaranan itkini kompensasiya edib.
Fındıq qəbulu məntəqələrindən bildiriblər ki, fındığın qiyməti mart ayında - Novruz bayramı ərəfəsində bir qədər də yüksələ bilər.
Xaçmazda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə də ixrac olunur. Rayonda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir.
Rayon statistika idarəsindən verilən məlumata görə, ötən il Xaçmaz rayonunda 2 min 726 ton fındıq istehsal olunub. Rayonda 3 min 763 hektar fındıq sahəsi var ki, bunun da 2 min 589 hektarı bar verən bağlardır.