MƏDƏNİYYƏT


Xalça Muzeyində Dağıstanın kaytaq və usişin tikmə növləri üzrə ustad dərsləri təşkil olunacaq

Bakı, 28 iyul, AZƏRTAC

Sentyabrın 4-dən 20-dək Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın tanınmış kaytaq və usişin tikmə növləri üzrə mühazirələr və ustad dərsləri təşkil olunacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisat İsmayılova tərəfindən keçiriləcək. R.İsmayılova 1996-cı ildən A.Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərə kuratorluq və nəşr layihələrə rəhbərlik edib. Hazırda bacısı Cəvqərət Monakova ilə birgə Dağıstanın qədim tikmələrindən biri sayılan kaytaq və usişin tikmə növləri üzrə ustad dərslər keçir, XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.

Ustad dərslər Azərbaycan və rus dillərində təşkil olunacaq və pulsuzdur. Kursda iştirak edən şəxslər sonda sertifikatla təltif olunacaqlar. Dərslərdə bərpa və konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi və bərpa, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər və bu sahələrə aidiyyəti olan şəxslər iştirak edə bilərlər.

İştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün bu elektron ünvana müraciət edə bilərlər: [email protected]

Ustad dərsləri ilə yanaşı, sentyabrın 4-dən 20-dək Azərbaycan Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi də təşkil olunacaq. Burada müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim olunacaq.

Qeyd edək ki, Xalça Muzeyi tərəfindən həyata keçirilən “Azərbaycanın mədəni sərvəti” layihəsinin məqsədi unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. Ölkəmizə xas olan tikmə növləri, xovsuz xalçaların toxunması, misgərlik, zərgərlik, dulusçuluq və digər sənət növləri bu layihəyə daxildir.

Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların hazırlanması və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.