MƏDƏNİYYƏT
Xalça Muzeyində “Macarıstanda toxuculuq” mövzusunda sərgi açılıb
Bakı, 17 mart, Zərəngiz Mansurova, AZƏRTAC
Martın 17-də Azərbaycan Xalça Muzeyində “Macarıstanda toxuculuq” mövzusunda sərginin açılışı olub.
Muzeyin direktoru Şirin Məlikova sərgidə qobelen sənətinin keçmişini və gələcəyini əks etdirən, dünya şöhrətli, təsviri və tətbiqi incəsənət sahələri üzrə mükafatlara layiq görülmüş 18 macar sənətkarının işlərinin nümayiş olunduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin ölkəmizdə keçirilən “Macarıstan günləri” layihəsi çərçivəsində təşkil olunduğunu diqqətə çatdırıb. Nazir vurğulayıb ki, bu sərgi həm də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi, Heydər Əliyev Fondu və Macarıstanın Azərbaycandakı səfirliyi arasındakı əməkdaşlıq çərçivəsində keçirilir.
Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Bakıda “Macarıstan günləri”nin təşkilinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Sərgidə Edit Baloq, Ester Beny, Beata Hosler, İbolya Hed, Erjebet Katona Sabo, Aqneş Keçkeş, Kristina Kokay, Anna Kubini, İda Lençeş, İren Malik, Yudit Nad, Eva Nerqeş və Tamaş Olah, Liviya Papay, Eleonora Paskuletti, Eva Penkala, Juja Pereli, Sabo Verona və Katalin Zelenak kimi macar sənətkarlarının həm ənənələrə söykənən, həm də müasir üslubda hazırladıqları qobelen nümunələri nümayiş etdirilib.
Tamaşaçılar sərgilənən əsərlərdə varislik ənənələrinin davamı və çağdaş qobelen sənətindəki mütərəqqi yeniliklərlə yaxından tanış olublar.
Sərgi martın 19-dək davam edəcək.