QAN YADDAŞI
Xalça Muzeyində “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminar keçiriləcək
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Xalça Muzeyində Şuşa filialının və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı mədəni, xocalılar mənəvi mirasımızdır” mövzusunda elmi seminar keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Xocalı vaxtı” filmi nümayiş olunacaq. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pirağa İsmayılzadə və AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova Xocalının maddi-mənəvi irsi və etnoqrafiyasına dair məruzələrlə çıxış edəcəklər.
Xocalı-Gədəbəy mədəniyyəti, Xocalı kurqanları, alban məbədləri, orta əsr türbələri, türk obalarının etnoqrafiyası və həmin bölgənin əhalisinə qarşı ermənilərin düşmən münasibəti Xocalının tarixi ilə bilavasitə bağlıdır. Xocalı tarixinin araşdırılması bu faciənin səbəblərinin öyrənilməsi və unudulmaması üçün vacibdir.