MƏDƏNİYYƏT


Xalça Muzeyində növbəti “Ailə günü”

Bakı, 18 mart, Aynur İsmayılova, AZƏRTAC

Martın 18-də Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə “Ailə günü” adlı tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideynlərlə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək, həmçinin Novruz bayramının yaranma tarixi və adət-ənənələri haqqında məlumat verməkdir.

Tədbirdə Təhsil Nazirliyinin, “Respublika Yaradıcılıq Mərkəzi”nin üzvləri iştirak edib. Keçirilən proqramda “öz xalçanı yarat” kompüter proqramı, xalça pazlını yığ, Bahar qızının iştirakı ilə əyləncəli viktorina, “səməni saxla məni”, “Xalçalarda Novruz adət və ənənələrimizi simvol edən elementlər” mövzusunda tematik ekskursiya (Azərbaycan, ingilis və rus dillərində), “Şəkərbura”nı naxışlamaq, “Novruz yumurtasını boya”maq, ələ xına bəzəyinin çəkilməsi, dekorativ əl işləri hazırlamaq kimi maraqlı, əyləncələr təşkil olunub. Həmçinin sehrli açıqca hazırla və “Arzu ağacı” müsabiqəsində ən maraqlı rənglənən buta və ən fərqli arzunun sahibi növbəti “Ailə günü” proqramına pulsuz bilet qazanıb.

Tədbir tanınmış memar Elçin Əliyevin uşaqlara görüşü və onun Abşeron memarlığının tarixi barədə məlumat verməsi ilə davam edib. Görüşdən sonra “Azərbaycan memarlığı” rəsm müsabiqəsi təşkil olunub və ən yaxşı 5 rəsmin müəllifi mükafatlandırılıb.

Sonda Kosa, Keçəl, Bahar qızı, Cırtdan və digərlərinin iştirakı ilə əyləncəli konsert proqramı təqdim olunub.

Qeyd edək ki, “Ailə günü” proqramı martın 26-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.