MƏDƏNİYYƏT
Xalça Muzeyinin zəngin ekspozisiyası Naxçıvan məktəblilərini heyran edib VİDEO
Bakı, 17 mart, Xatirə Cəfərova, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakıda səfərdə olan Naxçıvan məktəbliləri martın 17-də Azərbaycan Xalça Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, məktəblilərə Azərbaycan Xalça Muzeyinin yaranma tarixi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən bir milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.
Diqqətə çatdırılıb ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin nümunələri təqdim olunur. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır.
Muzeyin zəngin kolleksiyası ilə tanış olan şagirdlər Azərbaycan tarixinə və mədəniyyətinə, xüsusən də xalçalarına heyranlıqlarını ifadə ediblər.
Qrupun rəhbəri Elşən Qabilov AZƏRTAC-a bildirib ki, dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan maarifləndirici tur-aksiya məktəblilər tərəfindən maraqla qarşılanır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri Bakı şəhərinin tarixi və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olurlar.
Muzeylər və digər yerlərlə tanışlıq şagirdlərdə xoş təəssürat yaradır, xatirələrində iz salır. Bütün bunlar təhsilin inkişafına dövlət qayğısının nəticəsidir.
Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Altay Cəfərli tur-aksiyada iştirak etdiyinə görə sevincini belə ifadə edib: “Bu aksiya yetişməkdə olan gənc nəsil üçün çox əhəmiyyətlidir. Biz tur-aksiya çərçivəsində həm maariflənir, həm də yaz tətilini səmərəli keçiririk”.