MƏDƏNİYYƏT
Xalça muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi açılıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında çıxış edən muzeyin direktoru Şirin Məlikova ekspozisiya barədə məlumat verib. Bildirib ki, sərgiyə gələnlərə ilk dəfədir muzeyin saxlancındakı bərpa olunan eksponatlar təqdim edilib.
Ş.Məlikova muzeyin qısa tarixini danışıb. Qeyd edib ki, 1967-ci ildə açılan Azərbaycan Xalça Muzeyi xalçaların toplanması, mühafizəsi və öyrənilməsi üzrə dünyada ilk ixtisaslaşdırılmış muzeydir. Azərbaycan milli incəsənətinin xəzinəsi olan muzeydə xalça milli mədəniyyətimizin digər ənənəvi incəsənət növləri ilə birgə nümayiş etdirilir. Muzeyin kolleksiyasında 10 mindən çox xalça, tikmə, paltar, misgərlik məmulatı, zərgərlik əşyası, şüşə, ağac və keçədən olan müasir əsərlər var. Muzey Azərbaycan xalçasının öyrənilməsi və inkişafı üçün tədqiqat mərkəzidir.
Direktor bildirib ki, 700 eksponat konservasiya və bərpa olunub. Bugünkü sərgidə Azərbaycan Xalça Muzeyi, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən bərpa olunan 50 eksponat nümayiş etdirilir. Muzeydə eksponatların bərpası mərkəzi və onun fəaliyyəti üçün tədris proqramı hazırlanıb. Sərgi günlərində açıq ustad dərsləri keçiriləcək.
Sərginin açılış mərasimində, həmçinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova və muzeyin baş mühafizi Mira Məmmədxanova çıxış ediblər.