REGİONLAR
Xalçaçılar–qədim el sənətini yaşadanlar
İsmayıllı, 13 sentyabr, AZƏRTAC
İsmayıllı şəhərindəki “Xoşbəxt –X” kiçik müəssisəsi 1995-ci ildən fəaliyyət göstərir və burada çalışanlar xalqımıza məxsus qədim el sənəti ilə -xalçaçılıqla məşğul olurlar. Müəssisədə uzaq keçmişdən bizə miras qalan incə və zərif naxışlı “Gülüstan”, “Qollu çiçək”, “Şirvan”, “Tirmə”, “Xiləfşan”, “Zeyvə”, “Qarabağ nəlbəkisi” kimi xalçalılarla yanaşı, bu gün dünyada nadir əl işlərindən olan 17 kvadratmetr ölçüdə “Ümid” xalçası da toxunur. İpək və təbii boya ilə işlənən bu xalçanın 200 il ömrü var. Təsadüfi deyildir ki, İsmayıllıya gələn xarici turistlər Azərbaycan xalçalarına böyük maraq göstərirlər, “Ümid” xalçasına isə heyranlıqlarını gizlətmirlər. Müəssisə bölgədə gənc xalçaçıların da yetişməsində xüsusi önəm kəsb edir.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ay, avqustun 10-da İsmayıllıda olarkən burada “Azərxalça” İstehsalat Birliyinin layihəsinin təqdimatı da keçirilib. Şəhərin Ə.Xaqani və S.Ə.Şirvani küçələrinin kəsişdiyi yerdə tikiləcək fabrikdə 170 nəfər işçi çalışacaq. Müəssisə üçün peşəkar xalçaçılara artıq ehtiyac olmayacaq. “Xoşbəxt-X” kiçik müəssisəsində indiyədək yüzlərlə gənc xalçaçı yetişib.
Bu barədə müəssisənin direktoru, nəsillikcə xalçaçı olan, Ə.Əzimzadə adına Rəssamlıq Akademiyasının, habelə İncəsənət İnstitutunun qrafika –rəssamlıq fakültəsini bitirən Ruhiyyə Süleymanova AZƏRTAC-ın müxbirinə deyib: “Müəssisəmizdə 5 növ xalça məmulatı –kilim, sumağ, palaz, vərni və xalça toxunur. Hazırda 40 nəfər xalçaçı işləyir. Onların çoxu təcrübəli xalçaçılardır. 7 nəfər isə gəncdir və artıq bu el sənətinin sirlərinə yiyələniblər. İsmayıllıda “Azərxalça” İstehsalat Birliyinin yeni tikiləcək müəssisəsində çalışacaq gənc, usta xalçaçılar az deyildir. Gənc qızlarımız bu incə, zərif və son dərəcə maraqlı peşəyə böyük həvəslə yiyələnirlər. Artıq xalçaçılarımız dünya sərgilərində özünə layiqli yer də qazanıb. Çox keçməz ki, bu sənət incimiz bütün dünyanı fəth edəcək”.