REGİONLAR
Xalçaçılığın keçmiş ənənələr üzrə inkişaf etdirilməsinə böyük ehtiyac var
Gəncə, 18 iyul, AZƏRTAC
Gəncədə xalçaçılığın bərpası və sənaye üslulu ilə toxunması nəinki şəhərin, eləcə də, ölkənin qərb bölgəsində iqtisadiyyatın bir sıra sahələrinin inkişafı üçün əsas ola bilər.
AZƏRTAC xəbər verir ki, xalçaçılığın inkişafı üçün Gəncə şəhəri həm böyük potensiala, həm də zəngin tarixi ənənələrə malikdir.
Araşdırmalar göstərir ki, Gəncə-Qazax növlü xalçalar digər regionların xalça nümunələrindən sıxlığına, çeşnilərinin kompozisiyasına, rənglərinin çalarına görə əhəmiyyətli dərəcədə fərqlənir. Bu tip xalçalar üçün xarakterik xüsusiyyət xalça sıxlığının azlığı (25X30), xovunun qalın olması, kompozisyasının sadəliyi, ornamentlərin həndəsiliyi və əsasən parlaq rənglərdən istifadə olunmasıdır.
Tarixə nəzər salsaq görərik ki, artıq XIV—XV əsrlərdə Gəncə xalçaları nəinki daxili tələbatı ödəyir, həmçinin dünyanın bir çox ölkələrinə də ixrac olunurdu. Təsadüfi deyildir ki, həmin dövrdə Avropa və Şərq ölkələrində yaradılmış rəssamlıq əsərlərində Azərbaycan xalçaları təsvir olunmuşdur. XV əsrdə Venetsiya rəssamı Karlo Krivellonun (1430-1495) “Müjdə” əsərində Gəncə-Qazax növlü xalçaya, İtaliya rəssamı Dominiko de Bartolonun (1440-1444) “Findlinqin toyu” əsərində isə Qazax xalçalarına rast gəlinir. Gəncə-Qazax növlü xalçaların XV-XVI əsr Avropa rəssamlarının əsərlərində tez-tez təsadüf edilməsi, onların ölkəmizdən çox uzaqlarda məşhur olmasını və dünya bazarlarında xüsusilə şöhrət tapdığını bir daha təsdiq edir.
Gəncə-Qazax xalçaları içərisində yalnız xovlu xalçalar deyil, külli miqdarda xovsuz xalça məmulatı - palaz, kilim, şəddə, məfrəş, vərni, sumax, xurcun, heybə, çuval da istehsal olunmuşdur. 1845-ci ildən 1913-cü ilə qədər Gəncədə xalça və xalça məhsullarının ixracı 2 min 969 ədəddən 72,2 min ədədədək yüksəlmişdi. Dövri mətbuatı, arxiv sənədlərini və tarixi mənbələri araşdırarkən məlum olur ki, Gəncəbasarda istehsal edilən xalça məmulatları XIV əsrin II yarısından etibarən Rusiya və Qərbi Avropanın ayrı-ayrı şəhərlərində, o cümlədən Tiflisdə (1850, 1852, 1912-ci illər), Nijni Novqorodda (1896-cı il), Parisdə (1900-cü il), Turində (1911-ci il) keçirilən sərgilərdə nümayiş etdirilib və yüksək mükafatlar qazanıb.
İlk dəfə olaraq 1976-cı ildə Gəncədə xalça və xalça məmulatlarını sənaye üsulu ilə istehsal edən Xalça Mahud Kombinatının II növbəsi istismara verilib. Az bir müddətdə kombinatda istehsal olunan 40-dan çox müxtəlif çeşidli xalça Sovet İttifaqının 163 şəhərinə, habelə Türkiyə, İraq, Hindistan, Suriya, Yaponiya, Əlcəzair, Yuqoslaviya, Polşa, Macarıstan, Anqola, Şri-Lanka və başqa xarici ölkələrə ixrac edilib.
Ötən əsrin sonlarında Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk illərdə yaşanan xaotik vəziyyət respublikadakı bir çox istehsal sahələri kimi Gəncə Xalça Mahud Kombinatının da fəaliyyətini dayandırmasına səbəb olmuşdu.
Hazırda Gəncədə sifarişlə xalça üzərində portret toxuyan bir-iki kustar müəssisəni və bu sahədə mövcud vəziyyəti dəyişmək üçün göstərilən təşəbbüsləri nəzərə almasaq demək olar ki, nənə-babalarımızdan yadigar qalmış qədim el sənətimiz unudulmaq üzrədir.
Halbuki bu qədim sənət növünün - Gəncə-Qazax qrupu məktəbinin şəhərdə keçmiş ənənələr üzrə inkişaf etdirilməsinə böyük ehtiyac var. Bunun üçün bölgələrimizdə hər cür əlverişli şərait var – istər zərif yunlu qoyunlardan əldə edilən xammal, çöllərimizdə, bozqırlarımızda yabanı halda bitən bitkilərdən əldə edilməsi mümkün olan təbii boyaqlar, istərsə də çoxsaylı qadın əməyi.
Heç şübhəsiz Prezident İlham Əliyevin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinin, həmçinin xalçaçılığın da inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr yaxın vaxtlarda bölgələrdə bu qədim el sənətinin inkişafına böyük təkan verəcək. Zəngin xalçaçılıq tarixinə, böyük sənaye potensialına malik Gəncədə bu sahə ilə məşğul olan müəssisənin fəaliyyət göstərməsi, yüksək keyfiyyətli məhsulların isə istər ölkə daxilində, istərsə də xarici bazarlarda rəqabət şəraitində özünə yer tapması həm xalqımızın min illərdən bəri qoruyub saxladığı qədim el sənətimizin yenidən inkişafına təkan verər, həm də Gəncəbasar regionunun sosial-iqtisadi inkişafına, şəhərdə və ətraf rayonlarda isə qadınlar arasında işsizliyin daha da azaldılmasına çox böyük kömək göstərmiş olardı.