SİYASƏT


Xaled Qobeyşi: Dünya Xəbər Agentliklərinin V Konqresi ən yüksək səviyyədə təşkil edilmişdi

A+ A

Qahirə, 2 dekabr, AZƏRTAC

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi müvəffəqiyyətlə keçdi. Tədbir ən yüksək səviyyədə təşkil edilmişdi. Mən dünya media strukturlarının tədbirlərinin çox gözəl təşkil edilməsində Heydər Əliyev Fondunun və AZƏRTAC-ın böyük səylərini xüsusi vurğulamaq istəyirəm.

Bu sözləri Misirin MENA dövlət informasiya agentliyinin beynəlxalq əlaqələr və kommunikasiyalar üzrə direktoru Xaled Qobeyşi AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

Xaled Qobeyşi deyib: “Beşinci Konqres media sahəsinin gələcək inkişafı baxımından çox mühüm tədbir idi. Bir-birimizi yaxından tanımaq fürsətimiz oldu, qarşımızda duran müasir çağırışlarla bağlı müzakirələr apardıq, problemlərin həlli yollarını axtardıq, bu və ya digər məsələlər barədə fikir mübadiləsi etdik. Bu görüşlər bundan sonrakı əməkdaşlığımıza da gözəl şərait yaratdı”.

Misir agentliyinin nümayəndəsi vurğulayıb ki, sosial medianın rolu, medianın müasir texnologiyalardan asılılığı, multimedia məhsulunun son istehlakçıya çatdırılması məsələləri böyük maraq kəsb edirdi.

Konfrans iştirakçıları belə bir məsələdə yekdil idilər ki, Bakıda dünya xəbər agentliklərinin forumu müasir texnologiyalar və digər nailiyyətlər sahəsində təcrübə mübadiləsi, habelə müasir problemlər və KİV-lərin üzləşdiyi çağırışlar haqqında fikir mübadiləsi aparmaq üçün gözəl məkandır. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, konfrans son dərəcə əhəmiyyətli və məhsuldar oldu.

X.Qobeyşi Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində parlaq və məzmunlu çıxışını xatırlayaraq deyib: “Dövlət başçısının konfrans iştirakçıları qarşısında nitqlə çıxış etməsi faktının özü Azərbaycan Prezidentinin dünya KİV-lərinin problemlərinə böyük diqqətlə yanaşdığını nümayiş etdirir. Onun mövcud problemlərin əsaslı həllinə istiqamətlənən nitqi bu sahədə baş verən proseslərin və çağırışların mahiyyətini açdı. Prezident İlham Əliyev dürüst və operativ informasiyanın istehlakçılara çatdırılmasında xəbər agentliklərinin mühüm rolundan və əsas vəzifələrini yerinə yetirməkdə KİV-lərə dəstək göstərilməsinin vacibliyindən danışdı. Bununla yanaşı, Azərbaycan Prezidenti ölkəsinin dinamik inkişafı və qısa müddətdə bütün istiqamətlərdə əldə etdiyi böyük uğurlar barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırdı. Biz də Azərbaycanın sanballı uğurlarına və inanılmaz nailiyyətlərinə ürəkdən şadıq”.

AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirən X.Qobeyşi agentliyin 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinin sədri seçilməsini qanunauyğun hal adlandıraraq deyib: “Əlbəttə, AZƏRTAC yaxın illərdə nüfuzlu beynəlxalq media strukturlarına başçılıq etmək hüququnu birdən-birə qazanmayıb. Bu, agentliyin cənab Aslan Aslanovun rəhbərliyi ilə böyük səylərinin və gərgin işinin bəhrəsidir”. Onun fikrincə, agentliyin öz xəbərlərini 7 dildə, o cümlədən ərəb dilində yayması təqdirəlayiq haldır. X.Qobeyşi vurğulayıb: “Azərbaycan agentliyinin saytında multimedia seqmentindən fəal və peşəkarlıqla istifadə olunması məni sözün həqiqi mənasında heyrətləndirdi”.

AZƏRTAC ilə MENA arasında gələcək əməkdaşlıq məsələsinə toxunan X.Qobeyşi qeyd edib ki, Bakıda AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla məhsuldar söhbəti olub. Görüşdə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə qarşılıqlı maraq ifadə olunub. Baş direktor A.Aslanov əməkdaşlıq haqqında təklifi, o cümlədən AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin jurnalistlərinin MENA agentliyində təcrübə keçməsi təklifini alqışlayıb. X.Qobeyşi deyib: “Agentliyimiz bir çox istiqamətlərdə, xüsusən də multimedia sahəsində AZƏRTAC ilə əməkdaşlığa can atır, çünki AZƏRTAC bu sahədə böyük tərəqqi əldə edib”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.