İQTİSADİYYAT
Xalid Əhədov: “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərinin düşməsi müvəqqəti haldır
Bakı, 26 may, AZƏRTAC
“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən sonra əvvəlcə “Fitch”, bu gün isə ”Moody's” beynəlxalq reytinq agentliklərinin ABB-nin reytinqlərini aşağı salmasına bir daha münasibət bildirib.
Bu barədə bankın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir.
X.Əhədovun sözlərinə görə, bank rəhbərliyi tərəfindən əvvəlcədən də bəyan edildiyi kimi bu, gözlənilən idi: “Restrukturizasiya prosesi keçən bank üçün bu, normal bir qərardır. Beynəlxalq reytinq agentlikləri öz ənənəvi standartlarına və praktikalarına əsaslanaraq ABB-nin reytinqlərini müvəqqəti aşağı saldılar. Bu hal qısamüddətlidir. Bankın maliyyə mövqeləri gücləndikcə beynəlxalq agentliklər öz qərarlarına yenidən baxaraq bankın reytinqlərini yenidən yüksəldəcəklər”.
O vurğulayıb ki, bu qərarların bankın fəaliyyətinə hər hansı təsiri yoxdur. ABB bütün bank əməliyyatlarını, müştərilərə xidməti normal qaydada davam etdirir.
“Bankın xarici öhdəliklərinin restrukturizasiyası ABB-nin müştərilərinin və tərəfdaşlarının maraqlarına uyğundur. Bu proses bankın Azərbaycanda və xaricdə yenidən güclənməsini, maliyyə mövqelərinin möhkəmlənməsini təmin edəcək”, - deyə X.Əhədov qeyd edib.