CƏMİYYƏT
Xalik Məmmədov: Xilasetmə qayığının bir hissəsi tapılıb VİDEO
Bakı, 6 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündəki xilasetmə qayığının bir hissəsi və xilasetmə gödəkcələri tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsi ilə bağlı dekabrın 6-da saat 20-də keçirilən mətbuat konfransında məlumat verib.
Xalik Məmmədov deyib: “Dənizdə gəmidə olan bizim qərargahla danışdım. Hazırda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev, Neft-Qaz Tikinti Trestinin rəisi Mirkazım Abbasov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov hadisə yerindədirlər. Sərhəd Qoşunlarının 7 gəmisi, 4 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ərazidə işləyən bütün xilasetmə yedək gəmiləri axtarış işləri ilə məşğuldur. Axtarışlar zamanı xilasetmə qayığının bir hissəsi və xilasetmə gödəkcələri tapılıb. Əfsuslar olsun ki, itkin düşənlərdən heç biri tapılmayıb. Hazırda bir qaz quyusunda yanğın davam edir. Yanğının söndürülməsi üçün tədbirlər görülür. Əməkdaşlarımız özülün üstünə qalxıblar. Müəyyən bərkitmə işləri aparılır. Yəqin ki, sabah bu işlər davam edəcək. Hava qaraldığı üçün helikopterlər axtarış apara bilmir. Amma gəmilər axtarışları davam etdirir və bu iş sabah da aparılacaq”.
Xalik Məmmədov bildirib ki, bu gün SOCAR-ın rəhbərliyi xəstələrə baş çəkib: “Səkkiz nəfər xəstəxanadadır, 22 nəfər evə buraxılıb. Bir nəfər isə bu gün yenidən xəstəxanaya müraciət edib. Həkimlər xəstələrin ümumi vəziyyətlərinin stabil olduğunu bildiriblər. Bir həftə, 10 gün müddətində 5-6 nəfər evə buraxılacaq”.