MƏDƏNİYYƏT
“Xalq Əmanəti” layihəsi çərçivəsində Vəcihə Səmədovanın əsərləri toplanmış albomun təqdimatı keçirilib
Bakı, 22 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 22-də “Xalq Bank”ın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində milli rəngkarlıq və qrafika ustası, əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın əsərləri toplanmış “Rəngkarlıq və qrafika” adlı bədii albomun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov “Xalq Əmanəti” layihəsinin on ikinci nəşrinin görkəmli rəssam Vəcihə Səmədovaya həsr olunmasını yüksək qiymətləndirib. Bildirib ki, layihə çərçivəsində indiyədək xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev və digər sənətkarların əsərlərindən ibarət sərgilər keçirilib, bədii albomlar nəşr edilib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova “Rəngkarlıq və qrafika” bədii albomunun unudulmaz fırça ustasının yaradıcılığının müxtəlif mərhələlərini əhatə etdiyini diqqətə çatdırıb və layihə rəhbərlərinə minnətdarlığını bildirib.
Digər çıxış edənlər “Xalq Əmanəti” layihəsi çərçivəsində xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərlərinin, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabının da çap edildiyini bildiriblər.
Qeyd olunub ki, bankın Bakı və Gəncə şəhərlərində yerləşən sərgi salonlarında rəssamların sərgiləri keçirilib. Bütün kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap edilib. Nəşrlər respublikanın ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, eləcə də sənətsevərlərə mütəmadi hədiyyə olunur.
Görkəmli rəssam Vəcihə Səmədovanın əsərlərinin ekspozisiyası mayın 23-dən avqustun 23-dək “Xalq Bank”ın baş ofisində və “Gəncə” filialında fəaliyyət göstərəcək.