REGİONLAR
Xalq Artisti Ağaverdi Paşayev: “İpək yolu” festivalı xalqları bir-birinə yaxınlaşdırır VİDEO
Şəki, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın qədim diyarlarından olan Şəkidə keçirilən “İpək yolu” VII Beynəlxalq musiqi festivalı bu gün artıq tarixə çevriləcək və həmişəlik yaddaşlarda qalacaq. Ənənə halını alan “İpək yolu” festivalı xalqları bir-birinə yaxınlaşdırır. Bu festivallarda dünyanın bir çox ölkələrinin kollektivləri iştirak ediblər, onların adlarını saymaqla qurtarmaq olmaz. Elə sonuncu festivalda da Türkiyədən, İrandan, Yaponiyadan kollektivlər, həmçinin 11 türkdilli ölkənin musiqiçilərini özündə cəmləşdirən TÜRKSOY-un xalq çalğı alətləri ansamblı iştirak edib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının iştirakçısı, Xalq Artisti, professor Ağaverdi Paşayev deyib.
Xalq Artisti bildirib ki, Şəkidə keçirilən “İpək yolu” Beynəlxalq musiqi festivallarının üçündə iştirak edib və buna görə özünü xoşbəxt sayır. Bu festivallar iştirakçıların, musiqiçilərin yaddaşında silinməz izlər buraxıb. Sənətçi deyib: “Builki festivalın mənim üçün bir özəlliyi də ondadır ki, festival çərçivəsində haqqımda yazılmış bir kitab - Səadət Təhmirazqızının “Sənətə bağlı ömür” adlı kitabı işıq üzü görüb”.
Festival keçirməyin çox çətin və məsuliyyətli bir iş olduğunu vurğulayan Xalq Artisti bu istiqamətdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, dünya səviyyəli sənətkar Firəngiz Əlizadənin zəhmətini xüsusilə qeyd edib.
“İpək yolu” VII Beynəlxalq musiqi festivalının bu gün artıq başa çatacağını bildirən Ağaverdi Paşayev, bu festivalın da onun, eləcə də musiqiçilərin yaddaşında xoş xatirə kimi qalacağını vurğulayıb.