MƏDƏNİYYƏT


Xalq Artisti Fidan Hacıyeva şagirdi ilə “Pulun var?” klipini təqdim edib VİDEO

A+ A

Bakı, 19 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Sentyabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Xalq Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva və gənc müğənni Ələsgər Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Telli ilə Vəlinin dueti əsasında çəkilmiş “Pulun var?” klipini təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Xalq Artisti Fidan Hacıyeva çıxış edərək klip haqqında məlumat verib. Bildirib ki, şagirdi Ələsgər Əliyevlə duetə klip çəkdirmək ideyasını yay mövsümündə reallaşdırıb. Azərbaycan mədəniyyəti tarixinin ən böyük nailiyyətlərindən olan, dünyanın 70 dilinə tərcümə edilən “Arşın mal alan” operettasından kiçik bir hissə klipə daxil edilib. Klipin ssenari müəllifləri Ceyhun Kərimov, Aleks Anişenko, rejissoru Ceyhun Kərimov, operatoru Nadir Mehdiyev, rəssamı Nərminə Vəliyeva, montaj rejissoru Aleks Anişenko, prodüseri Əziz Əliyevdir.

Fidan Hacıyeva qeyd edib ki, Ələsgər Əliyevlə birgə Üzeyir Hacıbəylinin “Sənsiz” romansına da klip çəkdirmək fikrindədir. Klipin ssenari müəllifi Ceyhun Kərimov Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilən “Pulun var” duetinin 3 dildə - Azərbaycan, rus və ingilis dilində ifa olunduğunu söyləyib. Bildirib ki, yeni tərzdə təqdim olunan klipin çəkilməsində məqsəd dünya şöhrətli bəstəkarın “Arşın mal alan” operettasını bir daha dünyaya, xüsusilə gənc nəslə tanıtmaqdır. Klipdə milli geyimlər, məişət əşyaları, qədim yaşayış məskənlərindən görüntülər də yer alıb.

Xalq Artisti Fidan Hacıyeva onu da bildirib ki, oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Karmen” operasında baş rolu ifa edəcək. O, həmçinin Bakıda ilk özəl klassik musiqi məktəbi açdığını qeyd edib, balaca şagirdləri Əli və Sevinc Əsədullayevlərdən razı qaldığını söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.