MƏDƏNİYYƏT
Xalq Artisti Firəngiz Şərifova vəfat etmişdir VİDEO
Bakı, 20 fevral (AZƏRTAC). Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq Artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Firəngiz Abbas Mirzə qızı Şərifova uzun sürən xəstəlikdən sonra 2014-cü il fevralın 20-də vəfat etmişdir.
Firəngiz Şərifova 1924-cü il fevral ayının 6-da Bakı şəhərində Azərbaycan teatrının korifeyləri, qüdrətli sənətkarlar - SSRİ Xalq Artisti Mərziyə Davudovanın və Xalq Artisti Abbas Mirzə Şərifzadənin ailəsində anadan olmuşdur.
1947-49-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Musiqili Teatr), 1949-61-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1961-65-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan Firəngiz Şərifova 1965-ci ildən sənət taleyini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlamış və 2011-ci ilədəK fəaliyyətini doğma teatrda davam etdirmişdir.
Müqtədir sənətkar bu illər ərzində teatr səhnəsində müxtəlif xarakterli obrazlar yaratmışdır.
Firəngiz Şərifova 1958-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1969-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. O, Prezident təqaüdçüsü idi.
Firəngiz Şərifova milli teatr sənəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin fəxri fərmanlarına, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” mükafatlarına layiq görülmüşdür.
Unudulmaz aktrisa Firəngiz Şərifova milli teatr sənətinin əvəzolunmaz sənətkarlarından biri idi.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərhumla vida mərasimi fevralın 20-də saat 14:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının binasında (Aktyorlar evi, Xaqani küçəsi, 19) keçiriləcəkdir.
Allah rəhmət eləsin!