MƏDƏNİYYƏT
Xalq Artisti Lütfəli Abdullayevin vəfatından 40 il ötür VİDEO
Bakı, 9 dekabr (AZƏRTAC). O, sanki bu dünyaya insanları güldürmək üçün gəlmişdi. Hər səhnəyə çıxışı auditoriya üçün əsl bayrama çevrilirdi. Yüksək sənətkarlıqla yaratdığı obrazın xarakterini tamaşaçıya bütövlükdə çatdırırdı. Aktyorun mimika və jestlərdən məharətlə istifadəsi isə təkrarolunmaz bir sənətkarlıq nümunəsi idi.
AZƏRTAC xəbər verir ki, dekabrın 9-u Xalq Artisti, Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) yaradıcılarından olan Lütfəli Abdullayevin xatirəsini anma günüdür.
L.Abdullayev 1914-cü il martın 22-də Nuxa şəhərində (indiki Şəki) dünyaya göz açmışdır. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynamışdır.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda L.Abdullayev truppaya qəbul edilmişdir. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Milli Dram Teatrda çalışmış, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən arzular”) rollarında çıxış etmişdir.
1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış etmişdir.
Onun zəngin obrazlar qalereyasına Vəli və Soltan bəy (“Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Kəblə Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”), Kərim (“Lənkəran xanının vəziri”), Qulaməli (Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur”), Trufaldino (“İki ağanın bir nökəri”), Hamlet (“Tiflis nəğməsi”), Avo (“Şirin arzular”), Çako (“Keto və Kote”) və digər əsərlər daxildir.
L.Abdullayev həm də populyar kino aktyoru kimi ad-san qazanmışdır. Kinoda ilk işi “Arşın mal alan” filmində (1945) Vəli rolu olmuşdur. O, həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilmişdir.
Sevimli aktyor L.Abdullayevin sənəti yüksək qiymətləndirilmiş, ən yüksək fəxri adlara layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.
L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat etmişdir. Məzarı İkinci Fəxri xiyabandadır.