MƏDƏNİYYƏT


Xalq Artisti Nəcibə Məlikovanın xatirəsi anılıb

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Dövlət Film Fondunda Xalq Artisti Nəcibə Məlikovanın 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə qonaqlar Nəcibə Məlikovanın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Daha sonra sənətkarın ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək aktrisanın həyat və yaradıcılığından, sənət fəaliyyətindən, kino və teatrımızın inkişafındakı xidmətlərindən danışıb.

Bildirilib ki, Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakıda anadan olub. Unudulmaz aktrisa yaradıcılığı boyu klassik və çağdaş Azərbaycan dramaturqlarının qələmə aldığı dram və komediya janrında olan əsərlərdə obrazları professionalcasına canlandırıb. Böyük tamaşaçı sevgisi qazanan N.Məlikova “Şeyx Sənan”, “Səyavuş”, “Pəri cadu”, “Aydın”, “1905-ci ildə”, “Sevil”, “Həyat”, “Kəndçi qızı, “Büllur sarayda”, “Qəribə oğlan”, “Əks-səda”, “Mirzə Şəfi Vazeh”, “Vaqif”, “Əliqulu evlənir”, “Küləklər”, “Əcəb işə düşdük”, “Lənkəran xanının vəziri”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Cehizsiz qız”, “Kimdir müqəssir?” və digər onlarla səhnə əsərində yaddaqalan obrazlar yaradıb. Bundan başqa, o, “Ögey ana”, “Aygün”, “Arşın mal alan” və “Əhməd haradadır?” filmlərində yaratdığı rollarla ölməzlik qazanıb.

C.Quliyev unudulmaz sənətkarın Azərbaycan mədəniyyəti, o cümlədən kino tarixindəki mövqeyindən danışmaqla yanaşı, onunla bağlı xatirələrini bölüşüb.

Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə çıxış edərək görkəmli kino xadimi Nəcibə Məlikovanın Azərbaycan mədəniyyəti tarixindəki xidmətlərindən, sənətə verdiyi töhfələrdən danışıb. Bildirib ki, N.Məlikova Azərbaycan kino sənəti tarixində müstəsna xidmətləri olan sənətkarlardandır. Yaratdığı yaddaqalan obrazlarla tamaşaçı qəlbinə yol tapan aktrisa bundan sonra da ürəklərdə yaşayacaq, seviləcək.

Aktrisanın əsl sənətkar kimi qazandığı uğurlardan, insani keyfiyyətlərindən, dostluğa, yoldaşlığa böyük dəyər verməsindən söz açan Ziyad Səmədzadə onunla bağlı xatirələrini bölüşüb.

Daha sonra aktrisanın sənət dostları Nəcibə Məlikovanın sənət dünyasından söz açıb və onunla bağlı fikirlərini bölüşüblər.

Tədbirdə sənətkarın rol aldığı filmlərdən fraqmentlər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.