MƏDƏNİYYƏT
Xalq Artisti Qara Qarayevin anadan olmasının 99 illiyinə həsr edilən konsert keçirilib
Bakı, 7 fevral, Z.Mansurova, A. İsmayılova, AZƏRTAC
Fevralın 7-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycanın görkəmli bəstəkarı, alim, pedaqoq, ictimai xadim, SSRİ Xalq Artisti Qara Qarayevin anadan olmasının 99 illiyinə həsr edilən konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Qara Qarayevin sənət dünyası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb.
Qeyd edilib ki, XX əsrin ortalarından başlayaraq Qara Qarayevin Azərbaycan mədəniyyətinə gətirdiyi yeniliklər onu dünya səviyyəsində tanıdıb və gənc nəsil bu gün də onun yaratdığı əvəzsiz musiqi əsərlərindən bəhrələnir və gənclərin musiqi zövqünün formalaşmasında onun örnək əsərləri mühüm rol oynayır.
Vurğulanıb ki, Qara Qarayev görkəmli bəstəkar olmaqla yanaşı, həm də bənzərsiz pedaqoq idi. O, neçə-neçə istedadlı tələbə yetişdirərək Azərbaycan bəstəkarlıq məktəbinə böyük töhfələr verib. Onun yaratdığı musiqi məktəbi bu gün də öz ənənəsinə sadiqdir.
Sonra tədbir konsert proqramı ilə davam edib. Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında unudulmaz bəstəkarın əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərləri də səsləndirilib.
Çıxışlar böyük bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.