MƏDƏNİYYƏT


Xalq Artisti Ramiz Mustafayevin xatirəsinə həsr olunan musiqili gecə

A+ A

Bakı, 23 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Noyabrın 23-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında milli musiqi sənətimizin tanınmış nümayəndələrindən biri, bəstəkar, Xalq Artisti Ramiz Mustafayevin anadan olmasının 90 illiyinə həsr olunmuş musiqili gecə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Ötən illərin nəğmələri” adlı gecə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə sənətkarın keçdiyi ömür yolunu əks etdirən videoçarx nümayiş edilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova çıxış edərək unudulmaz bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, musiqi xəzinəmizin zənginləşməsindəki xidmətlərindən danışıb. R.Mustafayevin keçdiyi mənalı ömür yoluna və zəngin yaradıcılığına nəzər salan L.Hüseynova deyib ki, o, çox məhsuldar bəstəkar kimi ölkəmizin mədəni həyatında böyük xidmətlər göstərib. Əsərləri və insani keyfiyyətləri ilə musiqi ictimaiyyətinin və geniş dinləyici kütləsinin rəğbətini qazanan unudulmaz bəstəkar 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romansın, 200-dən artıq xalq mahnısının xor üçün işləmələrinin müəllifidir. R.Mustafayev musiqili-səhnə, vokal-simfonik əsərlərin müəllifi kimi tanınmaqla yanaşı, həm də yaradıcılığında opera və operetta janrları xüsusi əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, “Vaqif”, “Polad”, “Aydın”, “Şirin”, “Xan və əkinçi”, “Tərs keçi” operalarının müəllifi olan R.Mustafayev 1968–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. Musiqi sənətimizin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülən bəstəkar xüsusilə irihəcmli, monumental musiqi janrlarında əsərlər yazıb. Bir sözlə, o, baletdən başqa bütün musiqi janrlarına müraciət edib.

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Tofiq Əhmədov adına estrada simfonik orkestrinin müşayiəti ilə respublikanın gənc və tanınmış ifaçıları R.Mustafayevin əsərlərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.