MƏDƏNİYYƏT
Xalq Artisti Ramiz Zöhrabov dünyasını dəyişib
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan musiqi elmində özünəməxsus yeri olan görkəmli alim, bəstəkar, Xalq Artisti, professor Ramiz Zöhrabov dünyasını dəyişib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Vida mərasimi bu gün Təzəpir məscidində keçiriləcək. Bəstəkar ikinci fəxri xiyabanda dəfn olunacaq.
Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. Xalq və professional musiqimizə, bəstəkarlarımızın yaradıcılığına həsr olunmuş 20 monoqrafiyanın, dərsliyin və 300-dən artıq elmi, populyar məqalənin müəllifi olan R.Zöhrabovun elmi tədqiqatlarının başlıca obyekti muğamdır. O, Azərbaycan musiqi elmində görkəmli muğamşünas-alim kimi tanınmışdır və onun musiqi elminin bir sahəsi olan muğamşünaslığın inkişafında mühüm xidmətləri vardır.
R.Zöhrabovun tədqiqat əsərləri Rusiyada, Orta Asiya ölkələrində, o cümlədən, İranın elmi mühitində maraqla qarşılanıb. Belə ki, onun muğamın nəzəri əsasları ilə bağlı tədqiqatı xüsusi olaraq fars dilinə tərcümə olunub, əvvəlcə hissə-hissə jurnallarda, sonra isə tam şəkildə kitab halında “Azərbaycan modal musiqisi” (Tehran, 1999) adı ilə nəşr olunub. R.Zöhrabovun kitabları haqqında respublikamızın və xarici ölkələrin alimləri yüksək fikirlər söyləmiş, bu əsərlər musiqişünaslığımızın yüksək nailiyyəti kimi qiymətləndirilib.