MƏDƏNİYYƏT
Xalq Artisti Rauf Abdullayevin yaradıcılığının 50 illiyi münasibətilə konsert olacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət" ordenli, Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor Rauf Abdullayevin yaradıcılığının 50 illiyi münasibətilə konsert keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, maestro yaradıcılığının 50 illiyində klassik musiqi həvəskarlarına hesabat konserti verəcək.
Yaradıcılıq gecəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Bramsın "4 saylı" və Malerin "1 saylı" simfoniyaları səsləndiriləcək.
Rauf Abdullayev Azərbaycanla yanaşı, Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Misir, ABŞ, İtaliya və digər ölkələrdə məşhur kollektivlərə dirijorluq edib.