MƏDƏNİYYƏT
Xalq Artisti Şahmar Ələkbərovun xatirəsi anılıb
Bakı, 14 avqust (AZƏRTAC, Gözəl Ağayeva). Avqustun 14-də Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış aktyor və kinorejissor, Xalq Artisti Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində görkəmli aktyora həsr edilmiş fotosərgi ilə tanış olublar.
Mərasimə Şahmar Ələkbərovun həyat və fəaliyyətindən bəhs edən xatirə çarxının nümayişi ilə başlanılıb.
Tədbirdə çıxış edən Əməkdar İncəsənət Xadimi, kinorejissor Ayaz Salayev Şahmar Ələkbərovun Azərbaycan kino sənətinə verdiyi dəyərli töhfələrindən söz açıb.
Görkəmli sənətkar istedadının çiçəkləndiyi bir dövrdə bu dünyadan köçdü. Azərbaycan ekranına yeni tip qəhrəman gətirən Ş.Ələkbərov bir rejissor kimi də özünü layiqincə təsdiq edərək milli kinomuzda retro üslubunun ustası kimi tanındı.
Tədbirdə xalq artistləri Əminə Yusifqızı, Ramiz Məlikov, Nuriyyə Əhmədova, Əməkdar Artist Elxan Qasımov, kinorejissor, Ənvər Əbluc və başqaları çıxış edərək görkəmli aktyor Şahmar Ələkbərovun Azərbaycan mədəniyyəti, o cümlədən kino tariximizdəki mövqeyindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.
İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi. Şahmar Ələkbərovda yüksək istedadla yanaşı, xeyirxahlıq və nəciblik kimi nəcib insani keyfiyyətlərin olduğunu söyləyən C.Quliyev istər kurs, istərsə də diplom işinə həsr olunmuş filmlərinin çəkilişində ondan böyük kömək gördüyünü diqqətə çatdırıb. Zəngin daxili aləmə malik bu sənətkar üçün janr məhdudiyyəti olmayıb.
Bildirildi ki, İctimai Televiziya və Radio Yayımları şirkəti tərəfindən Ş.Ələkbərova həsr olunmuş film avqustun 25-də nümayiş ediləcək.
Tədbirdə Şahmar Ələkbərovun çəkildiyi, həmçinin rejissor kimi quruluş verdiyi filmlərdən fraqmentlər göstərildi.