MƏDƏNİYYƏT
Xalq Artisti Yaşar Nurinin məzarı ziyarət olunub
Bakı, 3 sentyabr, AZƏRTAC
Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı, tanınmış aktyor Yaşar Nurinin doğum günüdür.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Yaşar Nurinin məzarını ziyarət edib.
Teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemət Yaşar Nurinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışaraq onun yaratdığı obrazlar qalereyasına nəzər salıb. Qeyd olunub ki, görkəmli sənətkarın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və mədəniyyətimiz var olduqca, Yaşar Nuri də hər zaman yad olunacaqdır.
Teatrın direktoru diqqətə çatdırıb ki, 2016-cı ilin oktyabr ayında Yaşar Nurinin anadan olmasının 65 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xatirə gecəsi keçiriləcək.
Ziyarətdə Yaşar Nurinin ailə üzvləri də iştirak edib. Sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nurinin xatirəsini əziz tutduğuna və daim ehtiramla yad etdiklərinə görə teatr kollektivinə minnətdarlığını bildirib.