İQTİSADİYYAT
“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyasının 8-ci tirajı keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyasının səkkizinci tirajı keçirilib.
“Xalq Bank”dan AZƏRTAC-a bildiriblər ki, tiraj komissiyasının üzvlərinin iştirakı ilə keçirilən uduşda 121 615 bilet iştirak edib. Bu, əvvəlki tirajda oynanılan biletlərin sayı ilə müqayisədə 16 faiz çoxdur. Uduşda oktyabr ayı ərzində 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən “Xalq Bank” kartlarının sahibləri iştirak edib.
“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyası cari ilin mart ayının 2-dən başlayıb və dekabrın 31-dək davam edəcək. Növbəti tiraj dekabr ayının 5-də baş tutacaq. Bu tirajda noyabr ayının 1-dən 30-dək qazanılan elektron biletlər iştirak edəcək. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da iştirak edə bilərlər.
Plastik kartları bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim edilir.
Ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.