REGİONLAR
Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən “28 May” mədəniyyət evində Respublika Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, idarə və müəssisə əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki rolundan bəhs edən videoçarx nümayiş olunub.
Sonra məruzə ilə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri var. Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb. Həmin dövrdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində mühüm addımlar atılıb.
Qeyd olunub ki, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edib. Lakin 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə durğunluq, özbaşınalıq, hakimiyyətdaxili hərc-mərclik illəri kimi yadda qalıb. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana həqiqi müstəqillik gətirdi. Əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan Respublikasının taleyi də Xalq Cümhuriyyətinin taleyi kimi olacaqdı. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı.
Qürur hissi ilə vurğulanıb ki, Ulu Öndərin Azərbaycan Xalq Cümhuriyyəti haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktualdır: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varisçilik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik”. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu gün məhz dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib.
Sonra tədbir rayon mədəniyyət şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.