REGİONLAR
Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir
Balakən, 26 may, AZƏRTAC
Ölkəmizin çoxəsrlik inkişaf tarixinin, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxan, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Balakəndə keçirilən toplantıda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan geniş bəhs edilib. Bildirilib ki, xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi.
Tədbirdə ümummilli lider Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı tarixi xidmətləri bir daha xatırlanıb, Ulu Öndərin arzularının
artıq reallığa çevrildiyi, Azərbaycanın dünyanın qabaqcıl ölkələrindən birinə çevrildiyi xüsusi vurğulanıb.
Sonda ədəbi-bədii kompozisiya və sənədli film nümayiş etdirilib.