REGİONLAR


Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi

Ağdam, 27 may, Tahir Ağaməmmədov, AZƏRTAC 

28 May – Respublika Günü Qarabağ bölgəsində təntənə ilə qeyd edilib. Bölgəni əhatə edən rayonlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib, sərgi və konsert proqramları təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirin iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Ağdam Dövlət Dram Teatrında davam edən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər XX əsrin əvvəllərində ictimai-siyasi vəziyyətdən, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından və onun həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdə rolundan danışıblar. Bildirilib ki, müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərindəki ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi. AXC 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.

Diqqətə çatdırılıb ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək, bu tarixi varislik üzərində öz dövlətini yaratdı. XX əsrin sonunda yenidən müstəqilliyini bərpa edən Azərbaycan dövlətçiliyi bilavasitə ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Tədbir “Şur” xalq çalğı alətləri ansamblının ifasında konsert proqramı ilə başa çatıb.

                                                                  X   X   X

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatinda keçirilən tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov 28 May - Respublika Gününün Azərbaycan xalqının və dövlətinin tarixində şanlı səhifə olduğunu qeyd edib, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıblar. Bildirilib ki, Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin izlər buraxıb. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, ana dilimizin dövlət dili elan olunması, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.

Diqqətə çatdırılıb ki, 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan tarixin sərt sınaqları ilə üz-üzə qaldı. Məhz ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, dövlət müstəqilliyi möhkəmləndi.

                                                                 X   X   X

Ağcabədi rayon ictimaiyyəti şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Respublika Günü münasibətilə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsindən, cəmi 23 ay yaşamış hökumətin qısa vaxt ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən danışıb. Bildirib ki, XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən respublikamız ulu öndər Heydər Əliyevin böyük səyi, gərgin əməyi sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib.

Tədbir konsert proqramı ilə davam edib.

                                                                  X   X  X

Laçınlı məcburi köçkünlər Respublika Gününü müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində qeyd ediblər. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin qəsəbədəki büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Mirzəyev çıxış edərək, dövlətçiliyimiz tarixində, eləcə də bütün türk dünyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əhəmiyyətindən danışıb. Cümhuriyyətin yaradılmasında fəallıq göstərmiş görkəmli ictimai-siyasi xadimlər, o cümlədən Laçından olan ilk hərbi nazir Xosrov bəy Sultanov, maarif naziri Nurməmməd bəy Şahsuvarov barədə məlumat verilib.

Tədbirdə “Cümhuriyyət xalqımızın tarixi nailiyyətlərindən biri kimi” mövzusunda məruzə dinlənilib. Məruzə və çıxışlarda AXC-nin 23 aylıq dövrü ərzində demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, dövlət atributlarının, milli ordunun yaradılması, pul vahidinin dövriyyəyə buraxılması, diplomatiya sahəsində əldə olunan uğurlar yüksək qiymətləndirilib.

                                                                  X   X   X

Respublika Günü münasibətilə Beyləqan rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, məktəblilər, N saylı hərbi hissənin zabit və əsgərləri iştirak edib. Tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində rayonun gənc rəssamlarının çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon üzrə nümayəndəsi Nazim Mirzəyev, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov, Bakı Dövlət Universitetinin professoru Atamoğlan Məmmədov və başqaları çıxış edərək, xalqımızın istiqlal mübarizəsindən, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətindən söz açıblar. Bildirilib ki, AXC-nin hüquqi və mənəvi varisi olan müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir.

Tədbir bayram konserti ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.