MƏDƏNİYYƏT


Xalq Rəssamının anadan olmasının 90 illiyinə həsr edilmiş sərgi açılacaq

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq Rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş fərdi sərgi açılacaq.

Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri təqdim olunacaq. Vidadi Nərimanbəyovun illər öncə yaratdığı bir neçə əsəri də bu sərgidə nümayiş ediləcək.

Qeyd edək ki, Vidadi Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində anadan olub. Rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında alıb.

"Nədir günahımız?", "Düşmənin sevinci...", "Yolda" və digər əsərləri onu özünəməxsus dəsti-xətti ilə seçilən, istedadlı rəssam kimi məşhurlaşdırıb. V.Nərimanbəyov təkcə Azərbaycanda deyil, eyni zamanda, keçmiş SSRİ respublikalarında, Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiya, Çexiya, Macarıstan kimi dünyanın 20-dək xarici ölkəsində fərdi yaradıcılıq sərgilərini təşkil edərək, ölkəmizin incəsənətini təbliğ edib. Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.

Vidadi Nərimanbəyov 2001-ci ildə vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.