ELM VƏ TƏHSİL
Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya
Bakı, 6 oktyabr, P.İmanova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şairin həyat və yaradıcılığını əks etdirən sərgi ilə taniş olublar.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Səməd Vurğunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, əsərlərinin əhəmiyyətindən və yüksək bədii sənətkarlıq xüsusiyyətlərindən danışıb. Bildirilib ki, tədbirin məqsədi görkəmli ədibin Azərbaycan ədəbiyyatına böyük xidmətlərini, əsərlərinin bədii-fəlsəfi mahiyyətini bir daha dəyərləndirmək, onun yaradıcılığını yeni elmi meyarlar əsasında tədqiqini istiqamətləndirmək, poeziyasının indiyədək araşdırmalardan kənar qalan problemlərini müzakirə etməkdir.
Professor Şirindil Alışanlı “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində” mövzusunda məruzəsində şairin yaradıcılığını müasir elmi prinsiplər əsasında şərh edib.
“Səməd Vurğun və teatr” mövzusunda məruzə ilə çıxış edən professor İlham Rəhimli şairin dramaturgiyasının səhnə taleyi barədə məlumat verib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Məmmədov “Səməd Vurğunun dili” mövzusunda məruzəsində şairin şeir dilindəki özünəməxsusluqalrı müasir dilçilik elminin prinsipləri əsasında açıqlayıb.
Digər çıxış edənlər də S.Vurğunun çoxcəhətli yaradıcılığından danışıb, sessiyanın əhəmiyyətini vurğulayıblar.