MƏDƏNİYYƏT


Xalq Şairi Söhrab Tahirin xatirəsi anılıb

Bakı, 28 may, AZƏRTAC

“Böyük ürəyimdə birləşdi xalqim” deyən Xalq Şairi Söhrab Tahirin doğum günü münasibətilə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ikinci Fəxri xiyabana gələrək şairin xatirəsini yad edib, məzarı üstə gül dəstələri qoyublar.

Şair, tədqiqatçı Qardaşxan Əzizxanlı anım mərasimini açaraq bildirib ki, xalqımız Söhrab Tahirin xatirəsini təkcə görkəmli şair kimi deyil, həm də oxucular tərəfindən sevilən romanlar, hekayələr müəllifi kimi yad edir. O, eyni zamanda, ədəbiyyatşünas alim və ictimai xadim tək tanınırdı. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri olaraq geniş fəaliyyət göstərirdi. Söhrab Tahirin istedadlı gənclərin ədəbiyyata gəlməsində də mühüm rolu olmuşdur.

Jurnalist Novruz Novruzov, Xəzər Universitetinin tələbələri, gənc filoloqlar Ləman Həsənli, Ema Niftəliyeva, Həcər Vəliyeva, Xatirə Ağayeva, Aytac Hümbətova şairin xatirəsinə ehtiramlarını izhar etmiş, Nizami rayonu 12 nömrəli məktəbin şagirdləri Canəli Canəliyev, İbrahim Əhmədov Söhrab Tahirin “Azərbaycanım”, “Təbrizi gəzirəm”, “Ürək”, “Öləndə” adlı şeirlərini səsləndiriblər.

Tədbirdə iştirak edən şairin həyat yoldaşı Südabə xanım, oğlu Tahir Tahiri 90 yaşlı Söhrab Tahirin son aylaradək gənclik enerjisi ilə yaşayıb-yaratmasından, Homerin “İliada” və “Odisseya”sından həcmcə az qala üç dəfə böyük, 70 min misraya yaxın olan “Ata” eposu üzərində necə işləməsindən söz açaraq, şairin xatirəsini yad etdikləri üçün mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.