ELM VƏ TƏHSİL
Xalq Şairinin şeirləri fransız dilində
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin “SABAH” mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın görkəmli Xalq Şairi, böyük dramaturq, ictimai xadim Səməd Vurğunun fransız dilinə tərcümə edilmiş şeirlər toplusunun təqdimatı olub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, kitab şairin mərhum qızı Aybəniz Vəkilovaya həsr olunub.
Tədbirdə Azərbaycanın ilk Xalq Şairi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, şairin öz dilindən şeirləri səsləndirilib, qızı Aybəniz Vəkilova və özü haqqında məlumatların əks olunduğu videoçarx təqdim edilib.
Rektorun müşaviri Vazeh Əsgərov tədbirin Azərbaycan ədəbiyyatında xüsusi rolu olan bir şairin xatirəsinə həsr edildiyini söyləyib.
Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova muzeyin yaranma tarixi barədə məlumat verib. O, 2016-cı ilin “Vurğun ili” elan edilməsi ilə əlaqədar Səməd Vurğuna həsr olunan bir sıra tədbirlərin keçirildiyini söyləyib. Muzeyin direktoru gəncləri Xalq Şairi haqqında maarifləndirici məlumatlarla tanışlıq məqsədilə Səməd Vurğunun ev-muzeyinə dəvət edib.
Kitabı fransız dilinə tərcümə edən, “SABAH” qruplarında fransız dili müəllimi, Səməd Vurğunun yaxın qohumu Aygün Vəkilova təqdim olunan nəşr haqqında məlumat verib. Bir neçə hissədən ibarət kitabda görkəmli şairin həyat yoldaşı, övladları barədə, yazdığı məktublardan ibarət məlumatların yer aldığı diqqətə çatdırılıb. A.Vəkilova kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.
Xalq Şairinin qızına həsr etdiyi “Aybəniz” şeiri tələbələr tərəfindən fransız dilində səsləndirilib.