MƏDƏNİYYƏT
Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri yenidən İstanbul Şəhər Teatrının səhnəsində
İstanbul, 21 dekabr, AZƏRTAC
Azərbaycanın Xalq Yazıçısı Elçinin eyni adlı pyesi əsasında hazırlanmış “Şekspir” tamaşası növbəti dəfə İstanbul Şəhər Teatrında teatrsevərlərin görüşünə gəlib.
Tamaşanın səhnə tərtibatı və quruluşu Əməkdar İncəsənət Xadimi Məlahət Abbasovaya məxsusdur.
İki hissədən ibarət ekssentrik “Şekspir” komediyası türkiyəli aktyorlar – Selma Kutluğ, Sezai Aydın, Ertuğrul Postoğlu, Elçin Atamgüç, Murat Çoşkuner, Nevzat Çankara, Ezgim Kılınç və Özgür Dağdan ibarət istedadlı truppanın ifasında təqdim olunub.
Türkiyə teatrının tanınmış nümayəndələri Ayhan Doğan, Kemal Yiğitcan və başqaları tamaşanın yaradıcı heyətinə daxildir.
“Şekspir”in Türkiyədə böyük sevgi ilə seyr olunduğunu diqqətə çatdıran rejissor Məlahət Abbasova AZƏRTAC-a müsahibəsində deyib: “Şekspir” insanların ruhunu oxşayan bir komediyadır. Əsər bütövlükdə Azərbaycan xalqının yaradıcılıq istedadının göstəricisidir. Bu tamaşa Türkiyədə səhnələşdiriləndən bəri 8 müxtəlif mükafatla təltif olunub. Üç dəfə “İlin ən yaxşı dekorasiyasi” mükafatını alıb. Tamaşada oynayanlardan altısı bu əsərə görə 2014-cü ildə “İlin ən yaxşı aktyoru” mükafatına sahib olub”.
Rejissor bildirib ki, “Şekspir”i Türkiyənin digər şəhər teatrlarında da səhnələşdirmək barədə təkliflər alıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul