MƏDƏNİYYƏT
Xalq artisti Firəngiz Əlizadənin müəllif konserti olub
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin müəllif konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edib.
Əvvəlcə Firəngiz Əlizadənin yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən musiqişünas Jalə Qulamova Xocalı soyqırımı barədə danışaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası vasitəsilə bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Vurğulanıb ki, bugünkü tədbir də həmin kampaniya çərçivəsində reallaşıb.
J.Qulamova Firəngiz Əlizadənin yaradıcılığı barədə məlumat verərək bildirib ki, o, ölkəmizi dünyada tanıdan bəstəkarlardandır.
Qeyd edilib ki, UNESCO-nun “Dünya artisti” adını alan bəstəkarın əsərinin daxil olduğu albom bu yaxınlarda nüfuzlu “Grammy” mükafatına layiq görülüb.
Sonra söz musiqiyə verilib.
Konsertdə Firəngiz Əlizadənin “Şüştər” muğamı üstündə simli orkestr üçün yazdığı “Metamorfozlar” əsəri və “İntizar” operasından parçalar səsləndirilib.
Əsərləri əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə solistlər - əməkdar artistlər Səbinə Əsədova, Əkrəm Poladov və Gülnaz İsmayılova ifa ediblər. Konsertdə xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və əməkdar incəsənət xadimi Dilarə Əliyevanın bədii rəhbərliyi ilə uşaq kapellası da çıxış edib.