MƏDƏNİYYƏT


Xalq artisti Məhluqə Sadıqovanın 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək

Bakı, 19 iyul, AZƏRTAC

Prezident İlham Əliyev iyulun 19-da Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Məhluqə Ələsgər qızı Sadıqovanın 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinə xalq artistinin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Eyni zamanda, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1917-ci il aprelin 28-də Şuşada dünyaya göz açan Məhluqə Sadıqova yarım əsrdən artıq dövr ərzində milli teatrın səhnəsində, eləcə də kinofilmlərdə çox sayda unudulmaz xarakterik obrazlar yaradıb, onların hər birinin özünəməxsus daxili aləmini bütün zənginliyi ilə canlandırıb. Sənətkarın bədii qiraət ustası kimi uzun illər aparıcısı olduğu geniş dinləyici auditoriyasına malik “Bulaq” verilişi Azərbaycan radiosunun qızıl fondunda yer alan qiymətli nümunələrdəndir. Aktrisa onlarla tamaşada yaddaqalan obrazlar qalereyası yaradıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 54 il fəaliyyət göstərən sənətkar 1992-ci ildən ömrünün sonunadək Bakı Bələdiyyə Teatrında çalışıb.

Məhluqə Sadıqova 2003-cü il avqustun 15-də Bakıda vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.