REGİONLAR
Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra Sumqayıt teatrının səhnəsində VİDEO
Sumqayıt, 19 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olunan Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra bir səhnəni bölüşüblər. Teatr tamaşaçıların qarşısına yeni tamaşa ilə çıxıb.
AZƏRTAC xəbər verir ki, aprelin 18-də İsi Məlikzadə və Süleyman Ələsgərovun “Subaylarınızdan görəsiniz” musiqili komediyası əsasında səhnələşdirilən “Toy olsun” adlı yeni tamaşanın premyerası olub.
Tamaşanın ilk izləyiciləri sırasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Bakıdan gələn qonaqlar olub.
Sumqayıt teatrının səhnəsində Səməni və Seyfi obrazlarını canlandıran Xalq artistlərinin və digər aktyorların improvizələri maraqla qarşılanıb. Sevgi, ailə-məişət mövzusunda olan tamaşada seçim azadlığı, hiylə, xəyanət, ailə münasibətləri komik süzgəcdən keçirilərək tamaşaçıya təqdim edilir.
Tamaşanın rejissoru Əməkdar Artist Firuddin Məhərrəmovdur. Rolları Əməkdar artistlər Növrəstə Həşimova, İzaməddin Bağırov, İlahə Səfərova, Cəlal Məmmədov və aktyorlar Akif Mirzəyev, Oqtay Mehdiyev ifa ediblər.