REGİONLAR
“Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi 2016”nın növbəti mərhələsi başa çatıb
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə layihəsi olan “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi 2016”nın VI mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə aparıcılar 7 aydır davam edən müsabiqənin əsas turunun birinci mərhələsində 15 iştirakçının çıxış etdiyini və münsiflər heyətinin müvafiq balları ilə qiymətləndirildiklərini bildiriblər.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə təşkilatçılığı ilə “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi 2016”nın əsas turunun birinci mərhələsi bu il aprelin 29-da Naxçıvan şəhərində, ikinci mərhələsi iyunun 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində, üçüncü mərhələsi iyunun 30-da Ordubad rayonunda, dördüncü mərhələsi iyulun 28-də Babək rayonunda, beşinci mərhələsi avqustun 31-də Naxçıvan şəhərində keçirilib. Dördüncü mərhələdən başlayaraq hər növbəti mərhələdə 1 nəfər olmaqla, ən az bal toplayan ifaçı müsabiqəni tərk edir.
Aparıcılar müsabiqənin münsiflər heyətini tamaşaçılara təqdim ediblər. Əsas turun beşinci mərhələsində iştirak etmiş ifaçılar haqqında qısa məlumat verilib, onların V mərhələdə topladıqları ballar bir daha elan olunub.
Sonra xalqımızın ruhundan süzülüb gələn, qəlbləri riqqətə gətirən təsniflər səsləndirilib. Tarda Cəlil İsmayılovun, kamançada Nurlan Nuriyevin, udda Elməddin Axundovun, qanunda Günel Fərəcovanın, balabanda Nihad Quliyevin, nağarada Mahir Rüstəmovun müşayiəti ilə Aqil Adilzadə “Dəşti”, Fərman Allahverdiyev “Bəstə-nigar”, Fuad Qədimov “Zəminxarə”, İlham Məmmədov “Dilkəş”, Əsmər Hüseynova “Şur”, Bəhruz Quliyev “Bayatı-şiraz”, Təyyar Mədətli “Mahur”, Rəşad Nəcəfov “Bayatı-Qacar”, Səfər Cəfərov “Üşşaq”, Elmar Qasımov “Segah”, Yusif Hacıyev “Şur” təsniflərini ifa ediblər.
Sonda müsabiqənin Naxçıvan şəhərində keçirilən mərhələsinin nəticələri elan olunub. Müsabiqə iştirakçılarında ən yüksək bal (390 bal) Naxçıvan şəhərini təmsil edən Yusif Hacıyevə verilib. Babək rayonunun Nehrəm kəndindən olan Səfər Cəfərov 360 bal ilə ikinci, Naxçıvan şəhərindən Elmar Qasımov 358 bal ilə üçüncü yerlərdə qərarlaşıblar. Müsabiqənin şərtlərinə əsasən, bu turda ən az bal (59) toplamış Aqil Adilzadə müsabiqəni tərk edib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd milli musiqi mədəniyyətimizin və incəsənətimizin təbliği, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması, istedadlı ifaçıların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb.