MƏDƏNİYYƏT
Xalq şairi Qabilin anadan olmasının 90 illiyinə həsr edilən şeir müsabiqəsi
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında xalq şairi Qabil İmamverdiyevin (Qabil) anadan olmasının 90 illiyinə həsr edilən şeir müsabiqəsinin seçim turu keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqə mütaliənin təbliği və gənclərin bilik dairəsinin genişləndirilməsi, kitabxanalara ictimai marağın artırılması, həmçinin istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə Azərbaycan ədəbiyyatına marağın artırılması məqsədilə təşkil olunub.
Müsabiqədə Xəzər rayonu Binə qəsəbəsindəki 326 nömrəli tam orta məktəbin və Şüvəlan qəsəbəsindəki A.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın şagirdləri iştirak ediblər.
Xəzər rayon MKS-nin direktoru Elmara Məcidova, Binə Mədəniyyət Mərkəzinin direktoru Gülxanım Abbasova və abonement bölməsinin müdiri Süsən Salmanovada ibarət münsiflər heyəti şagirdlərin çıxışlarını 10 ballıq sistemlə qiymətləndirib.