MƏDƏNİYYƏT
Xalq şairi Vaqif Səmədoğlunun əsərlərindən ibarət “Dramaturgiya” ikicildliyi çap olunub
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi, xalq şairi Vaqif Səmədoğlunun iki cilddən ibarət “Dramaturgiya” kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, yazıçı-dramaturqun 75 illik yubileyinə hədiyyə olunan bu son kitabın nəşri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən reallaşdırılıb.
Sağlığında klassikləşməyi bacaran şair insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkardır. Milli mənbələrə çox bağlı olduğu üçün onun yaradıcılığı zəngin və qüvvətlidir. Pyesləri tutarlı, kəskin sözlər və məsəllərlə doludur. Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən V.Səmədoğlunun özünəməxsus fərqli yumoru, üslubu əsərlərində xüsusi maraq doğurur.
“Dramaturgiya” kitabının birinci cildində “Bəxt üzüyü”, “Köhnə yəhudi mahnısı”, “Qalib”, “Yayda qartopu oyunu”, ikinci cildində isə “Generalın son əmri”, “İntihar”, “Yaşıl eynəkli adam - 1”, “Yumurta” və digər əsərlər daxildir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu ikicildliyin çapını çox təəssüf ki, yazıçı özü görə bilmədi.