MƏDƏNİYYƏT
Xalq şairinin “Məkkədə” şeiri nəğməyə çevrilib
Bəstəkar Sevinc Tofiqqızı Xalq Şairi Zəlimxan Yaqubun “Məkkədə” şeirinə musiqi bəstələyib.
Zəlimxan Yaqub AZƏRTAC-a açıqlamasında deyib: “Mahnını dinləyəndə kövrəldim. “Məkkədə” şeirinin maraqlı tarixçəsi var. İllər öncə ulu öndər Heydər Əliyev mənə dedi ki, “Zəlimxan, bir çox şairlərə demişəm, sənə də deyirəm, dini mövzularda şeirlər yazın – yaradın. Bu xalqımız və bizim üçün çox önəmlidir”. Məndə o zaman “Məkkədə” şeirini yazmışdım. Şeiri ümummilli liderə oxudum, çox bəyəndi. Məhz, bu səbəbdən də Sevinc Tofiqqızının ulu öndər Heydər Əliyevin çox bəyəndiyi şeirə musiqi bəstələməsi məni sevindirdi və kövrəltdi. Ona öz təşəkkürlərimi bildirirəm. İnanıram ki, başqa şeirlərimə də musiqiləri ilə həyat verəcək”.
Sevinc Tofiqqızı “Məkkədə” mahnısını türkiyənin ən ünlü sənətçisi İbrahim Tatlısəs üçün bəstələyib. Amma sənətkarın səhhətində problem olduğundan mahnını azərbaycanlı ifaçı Ülvi Xələfov oxuyub. Buna baxmayaraq İbrahim Tatlısəs sağalan kimi, bu mahnını səsləndirəcəyini söyləyib.
Qeyd edək ki, S.Tofiqqızı mahnıya klip də çəkdirib.