REGİONLAR


Xalq teatrlarının muxtar respublika festivalı başa çatıb

Naxçıvan, 21 iyun, AZƏRTAC

“Xalq teatrlarının muxtar respublika festivalı – 2017”nin son günündə Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” əsəri əsasında hazırlanmış tamaşanı teatrsevərlərə təqdim edib.

AZƏRTAC xəbər verir ki, tamaşadan sonra muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, iyunun 6-dan 20-dək keçirilən xalq teatrlarının növbəti muxtar respublika festivalına yekun vurulduğunu bildirib. Qeyd edib ki, xalq teatrlarının bu cür festivallarda iştirakı kollektivlərin fəaliyyətini stimullaşdırıb. Ümumilikdə, xalq teatrlarının işinin daha səmərəli təşkilində, özfəaliyyət kollektivlərinə istedadlı gənclərin cəlb edilməsində belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, xalq teatrlarının kollektivləri gələcəkdə daha aktual, rəngarəng və maraqlı tamaşalarla çıxış edəcək, peşəkar teatr sənətimizə istedadlı sənət adamları qazandıracaqlar.

Nazir mədəniyyətin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirib, festivalda iştirak edən xalq teatrlarına uğurlar arzulayıb.

Sonra xalq teatrlarının bütün üzvləri tamaşadakı geyimlərində səhnəyə çıxıblar. Festivalda “Ən aktual mövzulu tamaşa” nominasiyasına Babək Rayon Xalq Teatrının “Xəcalət” tamaşası, “Ən yaxşı rejissor işi” nominasiyasına Şərur Rayon Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadə, “Ən yaxşı səhnə tərtibatı” nominasiyasına Şahbuz Rayon Xalq Teatrı, “Ən yaxşı aktyor” nominasiyasına Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrının üzvü Akif Əsədov, “Ən yaxşı aktrisa” nominasiyasına isə Ordubad Rayon Xalq Teatrının üzvü Günəş Ağayeva layiq görülüb. Onlara festivalın diplomları təqdim olunub.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsi festivalda iştirak edən kollektivləri fəxri fərmanla təltif edib.

Festival “Mən aktyoram” mahnısının sədaları altında başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.