REGİONLAR
Xalq-uşaq oyunlarından ibarət əyləncəli yarış
Naxçıvan, 5 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların iştirakı ilə xalq-uşaq oyunlarından ibarət əyləncəli yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışın məqsədi xalq-uşaq oyunlarının təbliği, uşaqların bu oyunlara olan marağını artırmaqla onlar arasında idmanın kütləviliyinə nail olunması və bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.
Cəldlik, çeviklik və bacarıq tələb edən yarışda sağlamlıq imkanları məhdud olan 16 uşaq 4 komanda tərkibində “Aradaqalma”, “Çiləmə”, “Xoruz-xoruz”, “İpüstü”, “Kəndirdartma”, “Torba içində tullanma”, “Hoppana-hoppana”, “Siçan-pişik” adlı oyunlarda qüvvələrini sınayıblar.
Yarışın qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilib və onlara Paralimpiya Federasiyasının hədiyyələri təqdim olunub.