CƏMİYYƏT


Xalqımız şəhidlərimizin adını uca tutur, onları ehtiramla yad edir

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 10-da bu il mayın 17-də ermənilərin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Natiq Tahirlinin doğum günü qeyd edilib. 2015-ci ildə bitirdiyi 12 saylı orta məktəbdə keçirilən anım mərasimində şəhidin yaxınları, sinif yoldaşları, müəllimləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ermənistanın Azərbaycana qarşı silahlı təxribatları nəticəsində həlak olmuş hərbçilərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, Nizami rayon Veteranlar Təşkilatının sədri Yəhya Ağayev və başqaları bildiriblər ki, bu gün Azərbaycan Ordusu nəinki bölgənin, hətta dünyanın ən güclü ordularından biridir.

Çıxışlarda bu il aprelin əvvəlində Azərbaycan Ordusunun təmas xəttində düşmən təxribatına layiqli cavab verdiyi, ermənilərin ətraf rayonları nəzarətdə saxladığı yüksəkliklərin əsgərlərimiz tərəfindən azad edildiyi xatırlanıb.

Qeyd edilib ki, bununla da Azərbaycan Ordusu gücünü, qüdrətini düşmənlərə göstərmiş oldu. Əsgərlərimizdəki vətənpərvərlik hissi ilə yanaşı, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi və müasir silahlarla təchiz edilməsi bir daha sübut edir ki, Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirməyə qadirdir.

Vurğulanıb ki, Azərbaycan əsgəri hər an Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə tam hazırdır.

Tədbir iştirakçıları Natiq Tahirlinin valideynlərinə Vətənə layiqli övlad yetişdirdikləri üçün bir daha təşəkkür ediblər.

Tədbirin təşkilinə görə minnətdarlığını bildirən Natiq Tahirlinin yaxınları qeyd ediblər ki, cəmiyyətimiz daim şəhidlərimizin adını uca tutur, onları ehtiramla yad edir. Dövlətimiz də, öz növbəsində, şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır.

Sonda ədəbi-bədii hissə təqdim olunub, şəhid haqqında slaydlar nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.