QAN YADDAŞI
Xalqımıza qarşı törədilən bu cinayət heç zaman unudulmayacaq
Bakı, 26 fevral, AZƏRTAC
Dünya ictimaiyyəti Xocalıda törədilmiş cinayətə daha böyük diqqət ayırmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov söyləyib.
E.Səfərov Xocalı qətliamının erməni millətçilərinin azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu, dünya ictimaiyyətinin Dağlıq Qarabağda baş verən haqsızlıqlara daha böyük diqqət ayırmasına ehtiyac duyulduğu, bu kimi cinayətlərin təkrarlanmaması üçün insanların birgə səy göstərməsinin vacibliyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartların yolverilməzliyini qeyd edən E.Səfərov Xocalı soyqırımına düzgün hüquqi-siyasi qiymət verilməsinin vacibliyini bildirib. Xocalı soyqırımı kimi hadisələrin bütün insanlığa qarşı edilən bir cinayət olduğunu deyib. Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyev verib. Məhz onun təşəbbüsü ilə 1994-cü ilin fevralında Milli Məclis bu faciəyə hüquqi-siyasi qiymət verib və onun araşdırılması üçün komissiya yaradıb.
Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtdırıb. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi heç zaman unudulmayacaq.