QAN YADDAŞI
Xalqımıza qarşı törədilmiş soyqırımı heç vaxt unudulmayacaqdır
Bakı, 1 aprel (AZƏRTAC). Azərbaaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Quba, Göyçay, Zəngəzur, Naxçıvan və Qarabağda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımının ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə mərkəzin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə əsrin əvvəllərindən etibarən başlayan erməni fitnəkarlığı nəticəsində minlərlə soydaşımızın şəhid olduğunu, yüz minlərlə insanın öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldığını, kənd və şəhərlərin talan edildiyini söyləmişdir.
Diqqətə çatdırılmışdır ki, xalqımız həmişə sülh tərəfdarı olsa da, zaman-zaman erməni vəhşiliyinə məruz qalmışdır. 1918-ci ilin martında dinc əhaliyə qarşı kütləvi soyqırımı aktları təşkil etmələri bir daha onların mənfur xislətlərini açıq göstərmişdir.
Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov erməni vandalizminin qurbanına çevrilən soydaşlarımızın xatirəsinin daim yad edilməsinin vacibliyini vurğulamışdır.
Digər çıxış edənlər də mart hadisələri zamanı həyatını itirmiş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə aparılan məqsədyönlü işlər haqqında məlumat verərək tariximizin bu qanlı səhifəsinin təbliğatı istiqamətində hər bir vətəndaşın qarşısında böyük vəzifələrin durduğunu qeyd etmişlər.