QAN YADDAŞI
Xalqımızın Xocalı yarası hələ də sızıldayır
Bakı, 26 fevral, AZƏRTAC
Bu dəhşətli hadisədən 25 il ötsə də, xalqımızın Xocalı yarası hələ də sızıldayır. Dünya təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətə hələ də lazımi reaksiya vermir və bu səbəbdən insanlıq tarixində yeni-yeni faciələr yaşanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən, şəhər sakini Fərid Ədilov söyləyib.
Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülüb, diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Mən o soyuq qış günlərini xatırlayıram. 1992-ci ildə uşaq idim, ailəmlə birgə Laçın şəhərini tərk etmək məcburiyyətində qaldıq. Qarabağ faciəsi haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır.
F.Ədilov erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının yalnız həmin şəhərin əhalisinə deyil, eləcə də insanlığa, bütün sivilizasiyalara və beynəlxalq sülhə qarşı yönəldiyini qeyd edib.