REGİONLAR


Xalqımızın malik olduğu maddi mədəniyyət nümunələrinin təbliği diqqət mərkəzindədir

A+ A

Qax, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində yerli sakinlərin, eləcə də şəhərin qonaqlarının asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün hər cür şərait yaradılıb. Mərkəzi ziyarət edən yerli və xarici turistlər buradakı sənətkarlıq emalatxanalarına baş çəkir, milli adət-ənənələrimizlə, mətbəximizlə yaxından tanış olur, şəhərin bu qədim yaşayış məhəlləsinin tarixi barədə maraqlı məlumatlar əldə edirlər. Yay aylarında mərkəzdə müntəzəm olaraq müxtəlif bədii proqramlar, konsertlər, tematik gecələr təşkil olunur.

AZƏRTAC xəbər verir ki, avqustun 5-də Mərkəzdə keçirilən növbəti tədbirin mövzusu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən maddi mədəniyyət nümunələrimiz barədə olub.

Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib ki, xalqımızın malik olduğu bir çox maddi mədəniyyət nümunələri təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, bu maddi mədəniyyət nümunələrindən muğam ifaçılığı, Novruz bayramı, aşıq, xalça və kəlağayı sənətləri, Azərbaycan tarı, Lahıc misgərlik sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Tədbir iştirakçıları buradakı xalçaçılıq emalatxanasında xalça toxunması prosesi ilə əyani şəkildə tanış olub, xalçaçı Könül İsayevadan Azərbaycan xalçaçılıq sənəti barədə ətraflı məlumat əldə ediblər.

Sonra tədbir iştirakçıları Mərkəzin tətbiqi sənət nümunələri otağında kəlağayı və misgərlik sənətləri, həmçinin tar ifaçılığı ilə bağlı bədii kompozisiyaya tamaşa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.