MƏDƏNİYYƏT
“Xalqların adət-ənənələri və mətbəxi” adlı festivalda Azərbaycan da təmsil olunub
Daşkənd, 24 noyabr, AZƏRTAC
Daşkənddəki Britaniya məktəbində “Xalqların adət-ənənələri və mətbəxi” adlı festival keçirilib.
Tədbirdə Daşkənddə fəaliyyət göstərən səfirlik, beynəlxalq təşkilat və mədəniyyət mərkəzlərinin nümayəndələri tərəfindən öz xalqlarına məxsus adət-ənənələr nümayiş olunub, milli yemək və şirniyyatlar təqdim edilib.
Festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib.
Azərbaycan səfirliyi üçün ayrılmış otaqda ölkəmizin dövlət bayrağı və gerbi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi uğurlarını əks etdirən, müxtəlif dillərdə çap olunan kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, turizm potensialı ilə əlaqədar nəşrlər nümayiş etdirilib. Qonaqlar milli məişət əşyalarına, qədim musiqi alətlərinə, suvenirlərə maraqla baxıblar. İştirakçılar şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarımıza qonaq edilib.
AMM-nin “Azərbaycan qızları” uşaq rəqs ansamblının ifasında təqdim edilən bir-birindən gözəl milli rəqslərimiz böyük maraq doğurub.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd